SON XƏBƏRLƏR

Türkiyədən gələn psixoloqlar Cəlilabadda qazilərə, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinə psixoloji yardımı davam etdirirlər. Bu haqda bu gün, 2 dekabr tarixində Cenublu.az AZƏRTAC-a istinadən xəbər verir.

Ölkəmizə gəlmiş 20-dən artıq peşəkar mütəxəssis tərəfindən cari il sentyabrın 5-dən  Lənkəranda qazilərə, şəhid ailələrinə, müharibə iştirakçılarına, terrordan zərər çəkmiş vətəndaşlara psixoloji yardımlar göstərilib. 3 aya yaxındır ki, proses davam edir. Lənkəran şəhərində müraciətlərin sayı azaldığına görə orada olan psixoloqlar fəaliyyətlərini Cəlilabad şəhərində davam etdirirlər. Ötən müddət ərzində ümumilikdə 1187 vətəndaşa, o cümlədən 180 uşağa 2837 seans psixoloji yardım göstərilib.

Ehtiyatda olan polkovnik-leytenant Dəyanət Əliyev göstərilən psixoloji yardımların əhəmiyyətini yüksək qiymətləndirib: “Bu layihə psixoloji problemlər yaşayan müharibə iştirakçılarına müsbət təsir göstərir. Layihənin təşkilatçılarına minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlar ödənişsiz psixoterapevtik yardım üçün Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.