Cəlilabadda fermer özünüməşğulluq proqramı çərçivəsində təhvil aldığı heyvanların sağlamlığından narazıdır. Bu haqda bu gün, 13 mart tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Rayon sakini Mübariz Əliyev özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını yaratması üçün Dövlət Məşğulluq Agentliyinə müraciət edib. Müraciəti əsasında ona heyvanlar verilib.
Buna baxmayaraq, o, sağlam və cavan kimi təqdim edilən heyvanların vəziyyətindən narazı olduğunu söyləyib: “İstəyimə uyğun olaraq, özünüməşğulluq proqramına cəlb olundum və mənə ötən ilin oktyabr ayında 22 baş keçi verildi. Lakin mənə verilən heyvanların vəziyyətindən narazıyam. Keçilər mənə veriləndən təxminən 1 ay sonra tələf olmağa başladı. Bu heyvanlarla təsərrüfat qura bilmərəm. Çünki keçilərin 12-si xəstədir, 10-u isə artıq ölüb”.
Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, “Məşğulluq” haqqında Qanuna uyğun olaraq, təhvil alınan əmlakda hər hansı qüsur aşkar olunduğu halda müqavilə imzalandıqdan ən geci 30 gün ərzində məlumat verilməlidir. Lakin vətəndaşın təqdim etdiyi sənədlər 30 günü keçdiyindən aktivlərin dəyişdirilməsi mümkün olmayıb.
Həmçinin qeyd olunub ki, Mübariz Əliyevə verilən heyvanlar təqdim olunmazdan əvvəl mütləq şəkildə müvafiq yoxlamalardan keçirilib.