Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbdə Təhsil Şöbəsi tərəfindən aparılan monitorinq sona çatıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 mart tarixində Tehsilforumu.az saytına istinadən verir.
Belə ki, sosial şəbəkələrdə Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbin direktor səlahiyyətlərini icra edən Quliyeva Sənubər Rza qızının müəllimlərdən rüşvət istəməsi və dərsdənkənar məşğələ və dərnək saatlarının tədris edilməməsi barədə paylaşılan məlumatların araşdırılması məqsədilə 13 mart 2023-cü il tarixində Cəlilabad RTŞ tərəfindən Cəlilabad şəhər 4 nömrəli tam orta məktəbində monitorinq aparılıb.
Aparılmış monitorinq zamanı paylaşımda adları qeyd olunan müəllimlərdən, dərsdənkənar məşğələ və dərnək saatlarını tədris edən müəllimlərdən və S.Quliyevadan izahatlar alınıb, dərsdənkənar məşğələ və dərnək saatlarının təşkili və tədrisi vəziyyəti araşdırılıb.
Müəllimlər yazdıqları izahatlarında heç bir vaxt hər hansı bir məqsədlə S.Quliyevanın onlardan pul istəmədiyini və ona pul vermədiklərini, paylaşımın yalan və böhtan olduğunu bildiriblər. Monitorinq zamanı məktəb üzrə 1 sentyabr 2022-ci il tarixində 114 nömrəli əmrlə dərsdənkənar məşğələ və dərnək saatlarının əmrləşdirildiyi, dərnəklərin təşkili üçün valideynlərdən ərizələrin alındığı, dərs cədvəllərinin tərtib edildiyi və bütün jurnalların yazıldığı müəyyən olunub.