Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Abazallı kəndində səyyar qəbul-görüş keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 mart tarixində verir.
Abazallı kənd tam orta məktəbində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Qəbul başlamazdan öncə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov kənd sakinlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, bütün kənd sakinlərinə uzun ömür, möhkəm cansağlığı və xoş günlər arzulayıb.
İcra başçısı çıxış edərək işğal altında olan torpaqlarımızın azad edilməsindən, Vətən müharibəsində şəhid olmuş, yaralanmış şəxslərə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-abadlıq işlərindən, əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən tədbirlərdən danışıb, son illər rayonun sosial-iqtisadi inkişafı, aparılan tikinti-abadlıq işləri barədə məlumat verib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.