Daha öncə xəbər verdiyimiz kimi, Cəlilabadın Röyal Nəsirov küçəsində 11 yaşlı Zülfiyyə Rzayeva sahibsiz itin dişləməsindən sonra xəstəxanada vəfat edib. Qızcığazın vəfatı ilə bağlı TƏBİB-in tabeliyindəki Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından açıqlama verilib.
Bildirilib ki, Zülfiyyə Rzayeva it dişləməsi nəticəsində quduzluq simptomları ilə xəstəxanaya gətirilib.
“Ona dərhal ilkin tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksin vurulub. Mərhələli şəkildə 4 doza vaksin vurulsa da, xəstədə quduzluq simptomları inkişaf edib və 1 saylı Uşaq yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib və müalicəsi davam etdirlib. Lakin həkimlərin səylərinə baxmayaraq, təsdiqlənməmiş quduzluq diaqnozu ilə həyatını itirib”.
Qeyd edək ki, 11 yaşlı Zülfiyyə Rzayeva dükandan evə qayıdarkən sahibsiz itin bacısına hücum etdiyini görərək onu itin caynağından xilas etməyə çalışıb. Çoxsaylı xəsarətlər alan uşaq təcili xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurulub, yaraları tikilib. Ancaq Zülfiyyə Rzayeva bir neçə gün müalicə aldıqdan sonra xəstəxanda dünyasını dəyişib.