SON XƏBƏRLƏR

Cəlilabadda İcra Hakimiyyətinin fəaliyyətində şəffaflığın daha da artırılması məqsədilə şura yaradılıb. Bu haqda bu gün, 6 dekabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Hazırda Cəlilabad Rayon İcra Hakimiyyəti yanında yaradılacaq İctimai Şuranın tərkibinin formalaşdırılması üçün namizədlərin qəbulu elan edilir.

İctimai Şura dövlət siyasətinin həyata keçirilməsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyan, ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərən məşvərətçi qurumdur.

Rayon İcra hakimiyyəti yanında İctimai Şuraya üzv seçilmək üçün namizədlərin sənədləri hər bir vətəndaş cəmiyyəti orqanından bir nəfər olmaqla 07 dekabr 2022-ci il tarixdən 06 yanvar 2023-cü il tarixədək (20 iş günü müddətində) iş günləri saat 10:00-dan 17:00-dək İctimai şuranın Seçki Komissiyasına təqdim olunmalıdır. Sənədlər rayon icra hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə və ya rayon icra hakimiyyətinin rəsmi elektron poçt ünvanına ([email protected]) təqdim edilməlidir. Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 203.

İctimai Şuranın üzvlüyünə namizədlərin aşağıdakı sənədləri əlavə edilməlidir:

  • İctimai şurada üzvlüyə namizədin irəli sürülməsi barədə müraciət (telefon və elektron poçt ünvanı göstərilməklə);
  • Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
  • Namizədin tərcümeyi-halı;
  • Namizədin vətəndaş cəmiyyəti təşkilatı üzvlüyünü təsdiq edən sənədin surəti.

Müraciətə namizəd barədə geniş məlumat verən digər sənədlər də əlavə edilə bilər.