SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Sadatlı kəndində elektrik xətlərinin kabelləşmə işləri yarımçıq qalıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 dekabr tarixində Report.az-a istinadən verir.

Sakinlər bildiriblər ki, “Azərişıq” ASC tərəfindən kənddə kabelləşmə işləri aparılsa da, 24 evin yerləşdiyi ərazi prosesdən kənarda qalıb. Həmçinin sakinlər qeyd ediblər ki, elektrik xətləri və elektrik dirəklərinin də yenilənməyə ehtiyacı var.

“Biz bununla bağlı müvafiq qurumlara müraciət edəndə bildirdilər ki, layihədə nəzərdə tutulmayıb. Amma görünən odur ki, elektrik xətləri və dirəklər bərbad vəziyyətdədir. Bunların hamısı sonuncu dəfə sovet vaxtı düzəldilib. Ona görə də bir az külək əsən kimi işıqlar sönür”.

Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, qeyd olunan ərazilər tenderə salınmayıb və ona görə də həmin ərazilərdə işlər yarımçıq qalıb.

Həmçinin məlumatda vurğulanıb ki, yaxın müddətdə material sifariş olunacaq və işlərə başlanılacaq.