SON XƏBƏRLƏR

Bu gün şəhid – DSX giziri Mirağa Hafiz oğlu Qasımovun şəhadətə ucaldığı gündür.

 

Mirağa Qasımov 1 avqust 1995-ci ildə Cəlilabad rayonunun Moranlı kəndində anadan olub. 2002-ci ildə kənd orta məktəbinin birinci sinfinə daxil olan Mirağa sonradan təhsilini Qara Kazımlı adına tam orta məktəbdə davam edib. 2013-2014-cü illərdə müddətli həqiqi hərbi xidmətdə olub. Hərb sənətinə olan maraq 2015-ci ildə onu Dövlət Sərhəd Xidmətinə gətirib. Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Dəstəsində xidmətə başlayan Mirağa yüksək fiziki hazırlığı, intizamı və çalışqanlığı sayəsində qısa müddətdə peşəkar hərbi qulluqçu kimi formalaşıb. Xüsusi döyüş tapşırıqlarının icrasında, müxtəlif taktiki təlimlərdə yüksək nəticələr göstərərək rəislərinin və yoldaşlarının etimadını qazanıb.

Vətən müharibəsi zamanı Füzuli və Cəbrayıl istiqamətlərində gedən qanlı döyüşlərdə iştirak edən Mirağa bir sıra yaşayış məntəqələrimizin azad olunmasında rəşadət göstərib, Zəngilan şəhərinin və ətraf ərazilərin azad olunmasında düşmənə sarsıdıcı zərbələr vuran bölmələrin tərkibində xüsusilə fərqlənib.

21 oktyabr 2020-ci il tarixində Zəngilan döyüşləri zamanı ağır yaralanıb və Bakı şəhərindəki Hərbi hospitala aparılıb. 20 gün koma vəziyyətində qalan Qasımov həkimlərin səylərinə baxmayaraq, 12 noyabr 2020-ci ildə gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəlib. Cəlilabad rayonunun Moranlı kəndində dəfn edilib.

Ölümündən sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “Qarabağ” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.