SON XƏBƏRLƏR

Cənub bölgəsində şaxtadan qoruma məqsədilə sitrus bağlarının qışa hazırlıq işləri başlayıb. Bu haqda məlumatı AzTV verib.

Lənkəranın Vilvam kənd sakini Səxail Əzimovun həyətyanı sahəsində 200 ədəd limon və kinkang ağacları var. O, ağaclarını qışın soyuğundan qorumaq üçün polietilen örtüklə bağlayır. “Limon çox zərif bitkidir. 3-4 dərəcə şaxtaya dözümlüdür. Yerli limon isə 2 dərəcə şaxtadan sonra yanır. Ona görə də hökmən onu yay-qış qorumaq lazımdır”.

Bu səbəbdən də təsərrüfat sahibləri iki qat örtüklərdən istifadə edirlər ki, aradakı hava təbəqəsi şaxtanı içəri buraxmasın. Belə olan halda sitrus ağacları meyvələrəri ilə birlikdə 6-7 dərəcə şaxtaya dözə bilirlər. Amma bəzən iki qat örtükdə bəs etmir. Daha şaxtalı günlərdə istixanalarda soba yandırırlar.

Digər sitrus meyvələrinə isə münasibət fərqlidir. Naringi və portağalın qış aylarında örtülməsinə ehtiyac qalmır. Lakin bunların hibridi olan hollabonq meyvəsi gec, yəni dekabr-yanvar aylarında yetişdiyi üçün üzəri örtülür.

Qeyd edək ki, Lənkəranın 70 hektarlıq hollabonq bağları var. Ümumillikdə isə rayonda 1390 hektar ərazidə sitrus bağları salınıb.