Bu gün, 9 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anım günüdür.
İntiqam Bayram oğlu Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olub. 1997-2008-ci illərdə S.Hacıyev adına Viləş kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini aldıqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. 2011-ci ildə Quru Qoşunlarının gizirlik kursunu bitirib, 2014-cü ildə Xüsusi Təyinatlı Qüvvələrin giziri kimi işə başlayıb. 2015-ci ildə Türkiyədə kəşfiyyat kursunu bitirib.
Aprel döyüşləri zamanı İntiqam Əsgərli Talış kəndi istiqamətində özü ilə eyni rütbədə olan qardaşı, gizir Nurlan Əsgərli ilə birlikdə döyüşüb. Qardaşı ilə birgə döyüş meydanından şəhidlərimizin, həmçinin polkovnik Vüqar Yusifovun və polkovnik-leytenant Raquf Orucovun nəşini çıxarıb. 4 aprel 2016-cı ildə Talış kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qardaşı Nurlan Əsgərli həlak olub və İntiqam Əsgərli onun nəşini özü döyüş meydanından çıxarıb.
İntiqam Əsgərli Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə də savaşıb.
O, 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhidlik zirvəsinə ucalıb.
İntiqam Əsgərli bir çox medallarla təltif olunub – “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Qüsursuz xidmətə görə”, “Azərbaycan Ordusunun 100 illiyi”. Ölümündən sonra isə o, “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” , “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.