SON XƏBƏRLƏR

Bu gün, 20 aprel tarixində Lənkərandan olan şəhidlərimiz – Eşqin Cəfərzadə, Murad Abbasov və Mais Abbasovun mövlud günüdür.

Vətən müharibəsi şəhidi Eşqin Cəfərzadə 1997-ci ildə Darquba kəndində dünyaya gəlib. 2003-2012-ci illər ərzində Darquba kənd tam orta məktəbində 9 illik təhsil alıb. Sonra Lənkəran peşə liseyində avtomobil çilingəri peşəsinə yiyələnib. 2020-ci il sentyabrın 28-də hərbi komissarlığın çağırışı ilə cəbhəyə yollanıb. Hadrutda, Suqovuşanda, Cəbrayılda, Zəngilanda, Füzuli və Qubadlıda döyüşlərdə atıcı kimi iştirak edib. Oktyabrın 21-də Qubadlıda şəhid olub, noyabrın 5-də Şiləvar kənd qəbiristanlığında dəfn olunub.

Vətən müharibəsi şəhidi Murad Abbasov 1998-ci ildə Şıxakəran kəndində anadan olub. 2004-2015-ci illərdə Namiq Həsənov adına Lənkəran rayon Şıxakəran kənd tam orta məktəbində təhsil alıb. Vətən müharibəsində Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Murad Abbasov 23 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olub. 24 oktyabr 2020-ci ildə Lənkəran rayonunda dəfn olunub.

Birinci Qarabağ müharibəsi şəhidi, baş leytenant Mais Abbasov 1974-cü ildə Lənkəran şəhərində Qurbanəli Abbasovun ailəsində anadan olub. 1982-1991-ci illərdə orta təhsil alıb. 1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində oxuyub. Mais Abbasov 1997-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhəri üzrə şöbəsində qeydiyyatdan keçib və Azərbaycan Silahlı Qüvvələrinin sıralarına yazılıb. Cəbhə xəttində yerləşən “N” saylı hərbi hissələrin birində xidmət edib və hərbi hissənin tərkibində bir sıra hərbi əməliyyatlarda iştirak edib. Tağım komandiri vəzifəsinə kimi yüksəlib. Mais Abbasov 22 sentyabr 1999-cu ildə Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində keçirilən hərbi əməliyyatlarda döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.