SON XƏBƏRLƏR

Bu gün, 4 noyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu, Vətən müharibəsi şəhidi Taleh İsmayılovun anım günüdür.

Taleh Səndal oğlu İsmayılov 26 noyabr 1986-cı ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. Lənkəran rayonu N.Axundov adına Boladı kənd 1 nömrəli məktəbində təhsil alıb.

2014-cü ildə Ağdam istiqamətində bir neçə hərbçimizin şəhid olmasından sonra o, bununla barışmayaraq, müddətdən artıq hərbi qulluqçu kimi xidmətə yazılmaq qərarına gəlib. İxtisasca sürücü olsa da, artilleriya divizionunda xidmət etdiyi müddətdə istər silahla fərdi davranış, istərsə də 122 mm-lik D-30 haubitsa-topu barədə biliklərə yiyələnib. Onun bu biliklərə yiyələnməsi 2016-cı ildə Aprel döyüşlərində öz bəhrəsini verib.

44 günlük İkinci Qarabağ müharibəsinin 39 gününü döyüşlərdə iştirak edən Taleh İsmayılov Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı 4 noyabr 2020-ci il tarixində qəhrəmancasına həlak olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Şücaətə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.