SON XƏBƏRLƏR

Bu gün, 15 aprel tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Sadiq Bağırzadənin mövlud günüdür.

Sadiq Şahin oğlu Bağırzadə 2002-ci ildə Astaranın Ərçivan qəsəbəsində anadan olub. 2008-ci ildə şəhid Natiq Kərimov adına Astara rayon Ərçivan qəsəbəsinin 3 nömrəli tam orta məktəbinin 1-ci sinfinə gedib. Evin tək oğlu olan Sadiq 2019-cu ildə məktəbi bitirib. Kiçik yaşlarından boksla məşğul olub. Boks üzrə Azərbaycan komandasının üzvü olub. İdman karyerasında medallar qazanıb və diplomla təltif edilib, respublika birincisi olub.

2 may 2020-ci ildə hərbi xidmətə yollanıb. “N” saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyatçı kimi 4 ay ərzində daim təlimdə olub. Zabit heyəti ilə tək əsgər Sadiq Bağırzadə idi. Ön cəbhədə vuruşub. Murovdağ yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, xeyli düşmən əsgərini məhv edib. Sentyabrın 30-da düşmən gülləsinə tuş gələrək şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.