Bu gün, 16 aprel tarixində qəhrəmanımız, Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Rusif Ağayevin mövlud günüdür.
Ağayev Rusif İbrahim oğlu 1987-ci ildə Lənkəran rayonunun Hirkan kəndində anadan olub. Məktəbi bitirdikdən sonra o, sənədlərini Ali Hərbi Akademiyaya verib. Lakin lazım olan balı yığa bilmədiyi üçün 2005-ci ildə hərbi xidmətə yola düşüb. Azərbaycan Hərbi Dəniz Donanmasında xidmətə başlayıb. 6 ay hərbi xidmət keçdikdən sonra özünü nümunəvi əsgər kimi tanıdıb.
Azərbaycanın sabiq müdafiə naziri Səfər Əbiyev Rusif Ağayevin xidmət etdiyi hərbi hissəyə gəlir və əsgərlərin təlim-tərbiyəsi, gün-güzəranı ilə maraqlanır. Bu zaman Rusif Ağayev hərbi təzim edərək, nazirə xüsusi təyinatlı qüvvələrin tərkibində xidmət etmək istədiyini bildirib. Nazirin adyutantı onun adını öz dəftərçəsinə qeyd edir. Sınaqlardan uğurla keçən 12 hərbçi arasında Rusif Ağayev də olur və öz muradına çatır.
Rusif Ağayev 2016-cı ilin aprel ayında baş verən 4 günlük müharibədə böyük qəhrəmanlıq göstərərək Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib. O, 2 aprel 2016-cı ildə öz əsgər yoldaşlarını xilas etmək istəyən zaman başından aldığı snayper gülləsindən qəhrəmancasına şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif olunub.