Bu gün, 4 fevral tarixində Azərbaycan Silahlı Qüvvələri və Sərhəd Qoşunlarının polkovniki, Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya işləri üzrə müavini, Mühəndis Aviasiya şöbəsinin rəisi, Birinci Qarabağ və Vətən müharibələri iştirakçısı, şəhid Emil Nəzirovun mövlud günüdür.
Emil Nəzirov 1969-cu ildə Lənkəran rayonunun Veravul kəndində anadan olub. 1976-1986-cı illərdə Veravul kənd orta məktəbində təhsil alıb. Məktəbi bitirdikdən sonra öz istəyi ilə Leninqrad vilayətindəki Lomonosov adına hərbi aviasiya mühəndisləri məktəbinə daxil olub və 1990-cı ildə oranın məzunu olub.
Hərbi təhsilini başa vurduqdan sonra leytenant rütbəsində göndərişlə Zaqafqaziya hərbi dairəsinin indiki Hacı Zeynalabdin qəsəbəsində yerləşən N saylı hərbi hissəsində təyyarə texniki vəzifəsində xidmətə başlayıb. 1992-ci ilin əvvəllərindən könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılıb və Qala qəsəbəsindəki hərbi hissədə Mi-24 helikopterində bort-texnik atıcı qismində xidmətə başlayıb. Birinci Qarabağ müharibəsində iştirak edib. Xidməti dövründə Ka-27 tipli helikopterdə bort-texnik kimi sonra isə bort-texnik təlimatçı qismində fəaliyyət göstərib.
1997-2000-ci illərdə Qala hərbi şəhərciyindəki hərbi hissədə Mil Mi-8 helikopterinin bort-texnik vəzifəsində xidmət edib. 15 sentyabr 2000-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri sıralarından kapitan rütbəsi ilə ehtiyata buraxılıb. 3 il sonra yenidən Dövlət Sərhəd Xidmətinin zabiti kimi geri dönüb və ilk aviasiya dəstəsinin yaradıcılarından olub. 2005-ci ildə Mi-8 MTV helikopterində bort-texnik təlimatçı vəzifəsini icra edib. Bu dövrlərdə bir sıra hərbi kadrların yetişməsində böyük rolu olub. 2008-ci ildə isə mayor rütbəsində eskadrilya komandirinin müavini vəzifəsində xidmət edib.
2015-ci ildə polkovnik-leytenant rütbəsinə yüksəlib və Aviasiya İdarəsinin uçuş mühəndisliyi şöbəsinin helikopter və mühərriklər üzrə baş zabit-mühəndis vəzifəsinə təyin olunub.
2021-ci ildə Dövlət Sərhəd Xidmətində yaranan Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya İşləri üzrə müavini və Mühəndis Aviasiya şöbəsinin rəisi vəzifəsinə təyin olunub və polkovnik rütbəsinə yüksəlib.
Xidməti dövründə 4 müxtəlif (Mi-24, Ka-27, Mi-8 və Mi-17) modifikasiyalı helikopterlərdə uçuş icazəsinə və müxtəlif sertifikatlara yiyələnib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün İlham Əliyevin Ssərəncamına əsasən, Emil Nəzirov “Vətən uğrunda” medalı ilə təltif olunub.
30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər isə yaralanıb. Emil Nəzirov da hadisə zamanı şəhid olub. Ertəsi gün Sərhədçi İdman Olimpiya Mərkəzində onunla vida mərasimi keçirilib və II Şəhidlər xiyabanında dəfn olunub.
Emil Nəzirovun şəxsi əşyaları ailə üzvləri tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilib. Ailəli idi. 3 qız övladı Vətənə yadigar qalıb.