SON XƏBƏRLƏR

Bu gün, 10 may tarixində Azərbaycan Silahlı Qüvvələrinin MAXE əsgəri, Vətən müharibəsi şəhidi Namiq Rasim oğlu Həsənovun mövlud günüdür.

Namiq Həsənov 1991-ci ildə Cəlilabad rayonunun Göytəpə şəhərində anadan olub. Göytəpə şəhər Vüqar Mürsəlov adına 1 saylı tam orta məktəbi 2008-ci ildə bitirib. O, 2008-ci ilin iyul ayında Vətənə borcunu vermək üçün hərbi xidmətə yollanıb və 2010-cu ildə xidməti başa vuraraq evə qayıdıb. 2011-ci ildə müddətdən artıq xidmət etmək üçün Milli Ordumuzun N saylı hərbi hissəsində tank sürücü-mexaniki kimi işləməyə başlayıb.

Namiq Həsənov Aprel döyüşlərində iştirak edib. Vətən müharibəsi zamanı Namiq Həsənov Füzuli döyüşlərində savaşıb. 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində düşmən üzərinə hücuma keçərkən şəhid olub. 9 dekabr 2020-ci ildə Göytəpə şəhərində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunub.