Bu gün, 22 aprel tarixində Birinci Qarabağ müharibəsi şəhidi Bəxtiyar Şiriyevin mövlud günüdür.
Bəxtiyar Qurbanəli oğlu Şiriyev 1973-cü ildə Masallı rayonunun Mollaoba kəndində anadan olub. Orta təhsilini Mollaoba kənd məktəbində alıb. 1990-cı ildə orta məktəbi bitirib.
O, 1991-ci ilin may ayından sovet ordusuna çağırılıb, qısa müddət Rusiyada hərbi xidmət keçdikdən sonra Vətənə dönüb.
Vətənə qayıtdıqdan sonra hərbi xidmətini Azərbaycan Milli Ordusunda davam etdirib.
O, general Həzi Aslanov adına 820 saylı Lənkəran batalyonunun tərkibində tankçı kimi xidmət edib.
Bəxtiyar Şiriyev 1992-ci ilin yayında Qarabağda gedən döyüşlərə qatılaraq uğurlu döyüş yolu keçib.
O, avqustun 6-da düşmənə qarşı son döyüşü zamanı idarə etdiyi 519 saylı tankla düşmənin möhkəmləndirilmiş ön mövqelərinin dağıdılmasında xüsusi fədakarlıq göstərərək şəhid olub.
Bu döyüşlər nəticəsində Suqovuşan, Lüləsaz, Çardaqlı kəndləri və ətraf yüksəkliklər ordumuzun nəzarətinə keçib.
Şəhidliyindən qısa müddət sonra Bəxtiyar Şiriyevin adı oxuduğu Mollaoba kənd tam orta məktəbinə verilib.