SON XƏBƏRLƏR

Bu gün, 14 fevral tarixində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Əlimərdan Fəttah oğlu Quluzadənin mövlud günüdür.

Əlimərdan Quluzadə 1993-cü ildə Masallı rayonunun Birinci Yeddioymaq kəndində anadan olub. 2000-ci ildə Birinci Yeddioymaq kənd məktəbinə daxil olub, dördüncü sinfə qədər bu məktəbdə oxuyub. Beşinci sinifdən səkkizinci sinfə kimi Sumqayıt şəhər 5 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib.

2008-2011-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alaraq leytenant rütbəsi alıb.

Sonra Azərbaycan Ordusunun baş leytenantı Əlimərdan Quluzadə Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarında xidmət edib. 2015-2020-ci illərdə baş leytenant kimi Bakı şəhərinin Müşfiq qəsəbəsində yerləşən N saylı hərbi hissədə Vətənə xidmət borcunu şərəflə yerinə yetirib.

2016-cı ildə uğurlu Aprel döyüşlərinin içtirakçısı olub.

Orduda nümunəvi zabit kimi xidmət göstərdiyinə görə 2013-cü ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” və 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medallarına layiq görülüb.

Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına döyüşüb. 6 oktyabr Füzulidə gedən qanlı döyüşlər zamanı torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.

Şəhid Əlimərdan Fəttah oğlu Quluzadə Birinci Yeddioymaq kənd qəbiristanlığında izdihamla dəfn olunub. İki qız övladı yadigar qalıb.

Ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.