SON XƏBƏRLƏR

Bu gün, 17 dekabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Vüsal Kamran oğlu Kazımovun doğum günüdür.

Vüsal Kazımov 1990-cı ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olub. Lənkəran rayonu Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd tam orta məktəbində təhsil alıb. Lənkəran Dövlət Universtitetinin Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

2016-2017-ci illərdə Lənkəran şəhər Uşaq Poliklinikasının psixi sağlamlıq bölməsində müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyib, 2017-ci ildən Lənkəran Dövlət Universtitetinin qiyabi şöbəsində İqtisadiyyat və idarəetmə fakültəsinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alıb. Təhsili ilə bərabər, Lənkəran şəhər Gənclər və İdman İdarəsinin nəzdində UGİM-in direktoru vəzifəsində çalışıb.

Vətən müharibəsində Füzuli əməliyyatında, Cəbrayıl uğrunda döyüşlərdə, Xocavənd rayonunun işğaldan azad olunmasında və Şuşanın azad edilməsində iştirak edib. Sonuncu dəfə 26 oktyabrda ailəsi ilə əlaqə saxlayıb. Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə həlak olub. 29 noyabr 2020-ci il tarixində Lənkəran rayon Yuxarı Nüvədi kəndində böyük izdihamla dəfn edilib.

Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.

Ailəli idi. Iki qız övladı – 2 yaşlı Aynur və 8 yaşlı Nuray Vətənə əmanət qalıb.