SON XƏBƏRLƏR

Bu gün, 29 dekabr tarixində Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçü Səyadulla Əhmədovun doğum günüdür.

Səyadulla Rasim oğlu Əhmədov 1998-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində anadan olub. 2017–2019-cu illərdə Naxçıvanda BMP atıcısı kimi xidmət edib. Vətən müharibəsi zamanı 22 yaşlı döyüşçü yüksək peşəkarlığına görə tağım komandiri təyin olunub. O, sərrast atıcı kimi döyüşlərdə həmişə öndə gedib. Vətən müharibəsindən 1 həftə əvvəl hərbi təlimlərə çağırılıb.

Səyadulla Vətən müharibəsində cəbhənin cənub istiqamətindəki döyüşlərdə sərrast atəşlə dəfələrlə düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Səyadulla Əhmədov 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda”,”Füzulinin azad olunmasına görə”,”İgidliyə görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.