SON XƏBƏRLƏR

Bu gün, 8 may tarixində Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Ədalət Səadət oğlu Hüseynlinin mövlud günüdür.

Ədalət Hüseynli 1992-ci ildə Cəlilabad rayonunun Fərəcullalı kəndində anadan olub. Orta təhsilini Cəlilabad rayon Cəngan kənd tam orta məktəbində alıb. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Ədalət Hüseynli sentyabr ayında hərbi təlim toplantılarına çağırılıb.

Vətən müharibəsində Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Döyüşlər zamanı 2 dəfə yaralanıb və xəstəxanaya yerləşdirilib, sağaldıqdan sonra yenidən döyüşə qayıdıb. 8 noyabr 2020-ci ildə Qubadlı istiqamətində döyüş yoldaşını xilas edərkən ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Ədalət Hüseynli “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Ədalət Hüseynli 21 dekabr 2020-ci ildə müalicə aldığı xəstəxanada komadan ayıla bilməyib və həlak olub.

Ölümündən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.