Bu gün, 1 may tarixində Azərbaycanın Milli Qəhrəmanı, gizir, mart hadisələri zamanı dövlətçiliyimiz, suverenliyimiz uğrunda xüsusi fəallıq göstərmiş Faiq Əliqulu oğlu Cəfərovun mövlud günüdür.
Faiq Cəfərov 1974-cü ildə Cəlilabad rayonunun Şiləvəngə kəndində anadan olub. 1991-ci ildə Bakı Maşınqayırma Texnikumuna daxil olub. 1992-ci ilin sentyabr ayından Sərhəd Qoşunları Baş İdarəsinin Naxçıvan Sərhəd Dəstəsində hərbi xidmətə başlayıb. Sərhəd Qoşunlarında xidmət etdiyi dövrdə Azərbaycanın cənub hüdudlarının mühafizəsində fərqlənib. 1995-ci ilin mart ayında dövlət çevrilişi cəhdinin qarşısının alınması zamanı xüsusi qəhrəmanlıq nümunəsi göstərib, həmin döyüşlərdə ağır yaralandığı üçün ehtiyata buraxılıb. Azərbaycan Respublikasının Prezidentinin 27 dekabr 1995-ci il tarixli 427 saylı Fərmanı ilə gizir Cəfərov Faiq Əliqulu oğlu “Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülüb.
Öz həyatını dövlətçiliyimiz və xalqımıza xidmət etməyə bağlayan qəhrəmanımız bir ildən sonra yenidən orduya qayıdır.
Faiq Cəfərov 1999-cu ildə avtomobil qəzası nəticəsində həlak olub. Cəlilabad rayonunda dəfn olunub.