SON XƏBƏRLƏR

Bu gün şair, dramaturq, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl Qələm” mükafatının laureatı olan Şəkər Aslanın doğum günüdür.

Şəkər Aslan 10 oktyabr 1937-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirib. Əmək fəaliyyətinə Lənkəran Mədəniyyət Evində başlayıb. 1964–1968-ci illərdə “Leninçi” (sonralar “Lənkəran”) qəzetində ədəbi işçi, 1968–1970-ci illərdə Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, 1970–1992-ci illərdə “Leninçi” qəzetinin baş redaktoru vəzifələrində çalışıb. 1992-ci ildə “Söz” ədəbi-bədii jurnalını təsis edib.1994–1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olub.

Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına (1981) və “Şərəf nişanı” ordeninə layiq görülüb.

Ədəbi fəaliyyətə “Sosialist subtropikası” Lənkəran rayon qəzetinin 23 iyul 1953-cü il tarixli sayında çıxan “Koreyalı bacıma” adlı şeiri ilə başlayıb. Çap etdirdiyi şeir kitablarında Vətənə məhəbbət, doğma təbiətin gözəllikləri, müasir insanların zəngin mənəvi dünyası, istək və arzuları, sevgiləri öz əksini tapıb. Şeirləri bir sıra xarici dillərə tərcümə olunub. Publisistik məqalələrin, Lənkəran çayının tarixinə, xüsusiyyətlərinə həsr olunmuş “Samovara od salmışam” bədii-publisistik kitabın müəllifidir.

“Sən kimsən, Ata?” (1982), “Birtərəfli hərəkət” (1987) pyesləri Lənkəran Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Şeirlərinə Tofiq Quliyev, Tofiq Əhmədov, Ramiz Mustafayev, Rauf Hacıyev, Nəriman Məmmədov, Vasif Adıgözəlov, Ramiz Mirişli, Ə.Əzimov, H.Adıgözəlzadə, Oktay Kazımov, Emin Sabitoğlu kimi görkəmli bəstəkarlar musiqi bəstələyiblər.

Şəkər Aslan 12 iyun 1995-ci ildə, 58 yaşında dünyasını dəyişib.