SON XƏBƏRLƏR

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin mayoru İqbal Bayramovun şəhidlik zirvəsinə ucaldığı gündür.

İqbal Əhmədağa oğlu Bayramov 4 iyul 1977-ci ildə Lənkəran şəhərinin Hirkan qəsəbəsində anadan olub. 1984-1994-cü illərdə Hirkan qəsəbəsində A.Quliyev adına tam orta məktəbdə təhsil alıb.

1994-1998-ci illərdə isə Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) “Energetika” ixtisası üzrə ali təhsil alıb. Kafedra hərbi olduğu üçün 1998-ci ildə “leytenant” hərbi rütbəsi alıb. İqbal Bayramov 1998-2004-cü illərdə hərbi xidmətdə olub. 2004-2005-ci illərdə DİN-in Daxili Qoşunlarının Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində “baş leytenant” hərbi rütbəsində Tağım Komandiri olaraq xidmət edib. 2005-ci ildə DİN-in Daxili Qoşunlarının Qala qəsəbəsində yerləşən TTM-ində təlim alıb. 2005-2008-ci illərdə bir sıra xarici dövlətlərdə də təlimlərə qatılıb.

2008-ci ildən DİN-in Daxili Qoşunlarının Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətini davam edib. 2011-ci ildə “mayor” hərbi rütbəsi alıb və qərargah rəisinin xidmət üzrə müavini vəzifəsində xidmət edib. Daha sonra isə 7 il ərzində Daxili Qoşunların Qəbələ rayonunda və Şirvan şəhərində yerləşən “N” saylı hərbi hissələrində xidmət edib.

5 yanvar 2018-ci ildə Daxili Qoşunlarının sıralarından ehtiyata buraxılması barədə müraciət edən İqbal Bayramov, 14 yanvar “mayor” hərbi rütbəsi ilə ehtiyata buraxılıb.

Vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İqbal Bayramov 5 oktyabr Cəbrayıl döyüşləri zamanı şəhid olub. Lənkəran şəhərində dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif olunub.