SON XƏBƏRLƏR

Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakı şəhərinin Novxanı kəndində anadan olub.

1903-cü ildə Rəsulzadə “Müsəlman Gənclik Təşkilatı” adlı azərbaycanlı inqilabçılar dərnəyini yaradıb. Bundan əlavə o, “Hümmət” təşkilatının yaradıcılarından biri olub. Məhəmməd Əmin Rəsulzadə 1913-cü ildə “Müsavat” partiyasının rəhbərliyinə keçərək, milli azadlıq uğrunda mübarizə aparıb.

1918-ci ilin martında Bakı şəhərində və digər bölgələrdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırımlar törədilən zaman Məhəmməd Əmin Rəsulzadə Qafqazın Rusiyadan ayrılaraq, müstəqil dövlət yaratması uğrunda mübarizəyə başlayır.

O, 27 may 1918-ci ildə Azərbaycan Milli Şurasının sədri seçilib. 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılıb. Rəsulzadə AXC-nin Parlamentində “Müsavat” fraksiyasının başçısı kimi fəaliyyət göstərib. 1920-ci ilin aprel ayında AXC süquta uğrayıb.

AXC-nin süqutundan sonra Rəsulzadənin göstərişi ilə Bakıda “Müsavat”ın gizli mərkəzi yaradılır. Bu səbəbdən o, 1920-ci ilin avqustunda həbs edilir. Lakin Sovet dövlətinin lideri Stalinin göstərişi ilə Rəsulzadə həbsdən azad edilərək, Moskvaya aparılır. Daha sonra o, gizli şəkildə Finlandiyaya gedərək, oradan Türkiyəyə mühacirət edir. Rəsulzadə Türkiyədə olan zaman “Müsavat” Partiyasının Xarici Bürosunu yaradır.

İkinci Dünya müharibəsi zamanı Rəsulzadə “Azərbaycan Demokrat Birliyi” və “Türkiyə-Azərbaycan” cəmiyyətlərini yaradaraq, azərbaycan­lılara kömək olur. O, bütün ömrü boyu Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb.

Məhəmməd Əmin Rəsulzadə 6 mart 1955-ci ildə Ankarada vəfat edib və şəhərin Cəbəci Əsri qəbiristanlığında dəfn olunub.