SON XƏBƏRLƏR

Bu gün Nadir Ağayev güləş məktəbinin layiqli davamçısı,  Masallı şəhərinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Kamal Mazanovun 60 illik yubileyidir.

Kamal Hüseyn oğlu Mazanov 21 dekabr 1962-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. 1970-1975-ci illərdə Masallı rayonunun Ərkivan kənd Bağlaküçə orta məktəbində oxuyub. 1975-1980-ci illərdə Respublika İdman təmayüllü orta ümumtəhsil internat məktəbində təhsil alıb. 1980-1984-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistitutunda təhsil alıb. 1984-1986-cı illərdə ordu sıralarında xidmət edib.

1980-ci ildə Riqa şəhərində keçirilən gənclər arasında SSRİ birinciliyinin bürünc medalını qazanıb. Kuba və Macarıstanda gümüş, Almaniyada keçirilən sosialist ölkələrinin Spartakiadasında bürünc medala layiq görülüb. Daha sonra Çexoslovakiya və Ruminiyada təşkil olunmuş beynəlxalq yunan-Roma güləş turnirlərində qızıl medallarla təltif olunub.

O, 1986-cı ildən Masallı rayon “Məhsul” İdman Cəmiyyəti nəzdində idman məktəbində dərs hissə müdiri vəzifəsində işləyib. 2001-2006-cı illərdə Masallı rayon Gənclər, İdman və Turizm İdarəsinin rəisi vəzifəsində çalışıb.

2006-2012-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan inzibati ərazi dairəsi üzrə, 2012-2020-ci illərdə Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışıb.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Ailəlidir, üç övladı var.