SON XƏBƏRLƏR

Bu gün, 29 dekabr tarixində Azərbaycanın Xalq rəssamı, iki dəfə Azərbaycan SSR Dövlət mükafatı və “Şöhrət” ordeni laureatı, Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqının üzvü Kamil Nəcəf oğlu Nəcəfzadənin doğum günüdür.

Kamil Nəcəfzadə 1929-cu ildə Lənkəran şəhərində anadan olub. 1948-ci ildə Ə. Əzimzadə adına Rəssamlıq məktəbini bitirdikdən sonra təhsilini Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda davam edib. 1955-ci ildən təhsilini bitirərək Bakıya qayıdıb və “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlayıb.

Kamil Nəcəfzadə kinofilmlərə verdiyi tərtibatlarla yanaşı, rəngkarlıq, qrafika və eləcə də teatr sənətində öz sözünü demişdir. 1964-cü ildə Azərbaycan Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin “Knyaz”, 1974-cü ildə S. Vurğun adına Rus Dram Teatrının səhnəsində Səməd Vurğunun “Fərhad və Şirin” tamaşalarını göstərmək olar.

O, respublikamızda və xaricdə keçirilən bir çox rəssamlıq sərgilərinin iştirakçısı, fərdi sərgilərin müəllifidir.

Kamil Nəcəf oğlu Nəcəfzadə 29 iyun 2011-ci ildə vəfat edib. O, kinorejissor Şamil Nəcəfzadənin atasıdır.

Azərbaycan Televiziyası tərəfindən Kamil Nəcəfzadənin yaradıcılığına həsr edilmiş “Rənglərdə yaşayan kino” adlı 38 dəqiqəlik veriliş istehsal olunub və 6 yanvar 2009-cu ildə AzTV-də efirə gedib. 2014-cü ildə Azərbaycan Televiziyasında ilk dəfə “Ağ kətanın sehri… Kamil Nəcəfzadə” sənədli filmi ekranlara çıxıb.