SON XƏBƏRLƏR

Bu gün, 27 dekabr tarixində Xalq artisti, görkəmli bəstəkar Oqtay Kazıminin anadan olmasının 90 ili tamam olur.

1957-ci ildə O.Kazımi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xor dirijorluğu fakültəsinə daxil olub, bir il sonra isə Bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirib. 1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılığa başlayıb.

Onun yaradıcılığında mahnı janrı xüsusi yer tutub. 200-dən artıq mahnısı – “Qaytar eşqimi”, “Həyat sən nə qəribəsən”, “Əlvida”, “Tarla qızları” və s. mahnıları gözəl, lirik melodiyası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadə, Zeynəb  Xanlarova, Flora Kərimova, İlhamə Quliyeva və başqalarının repertuarında yer tutub. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanıb.

O, Azərbaycanda ilk rok operettanın müəllifidir. Bəstəkarın 16 simfonik, 10 vokal-xor simfonik, kamera-instrumental əsəri var.

Oqtay Kazımi 9 avqust 2010-cu ildə Bakıda vəfat edib. 18 sentyabr 2020-ci ildə bəstəkar Oqtay Kazıminin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Astara şəhərindəki Uşaq Musiqi Məktəbinə və Astara şəhərinin küçələrindən birinə onun adı verilib.