Bu gün, 15 noyabr tarixində ədliyyə nazirinin müavini Eldar Nuriyevin doğum günüdür.
Eldar Nuriyev 1955-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Universiteti bitirdikdən sonra Gəncə şəhər prokurorluğunda prokuror köməkçisi, 1993-cü ildə Bakı şəhəri prokurorluğuna rəhbər işə göndərilərək daxili işlər orqanlarında Qanunların icrasına nəzarət şöbəsinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Dövlət-hüquq şöbəsində böyük məsləhətçi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Hüquq-mühafizə orqanları ilə iş şöbəsində böyük referent vəzifələrində çalışıb.
2000-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Baş prokurorunun müavini təyin olunub. 2006-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində işləyib.
25 dekabr 2019-cu ildən Azərbaycan Respublikası ədliyyə nazirinin müavini təyin edilib. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.
Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasına sədr təyin edilib.
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, ”Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Təhlükəsizlik və Xarici İşlər nazirliklərinin, Azərbaycan Ədliyyəsinin, Azərbaycan Polisinin, Azərbaycan Respublikası Prokurorluğunun 100 illiyi” xatirə medalları, “Prokurorluğun fəxri işçisi” və digər döş nişanları və fəxri fərmanlarla təltif olunub.