SON XƏBƏRLƏR

Fərbiyə Şabanova 1941-ci ildə Astara rayonunun Kakalos kəndində ziyalı ailəsində dünyaya göz açıb. Böyük Vətən müharibəsinin iştirakçısı, fəxri fərman və medallarla təltif edilmiş atası Həsən Şabanov Astarada və bir çox rayonlarda məsul işlərdə çalışıb. Ailədə 3 uşaq olublar. Bacısı Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, uşaq dramaturqu, əsərləri dövlət teatrlarında, mavi ekranlarda, xalq teatrlarında səhnələşdirilən yazıçı Fatma Həsənqızıdır. Qardaşı Mərhəmət Şabanov Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.

Ailənin son beşiyi Fərbiyə Şabanova orta təhsildən sonra Bakıda çertyojçu-modelyer kursunu, daha sonra, 1969-cu ildə Azərbaycan İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsini bitirib. Bala Şahağac məktəbində pioner baş dəstə rəhbəri kimi fəaliyyətə başlayıb sonralar məktəbdə təlim-tərbiyə işləri üzrə təşkilatçı, 1983-1992-ci illərdə Astara rayonunun mədəniyyət şöbəsinin müdiri, 1996-2003-cü illərdə Kakalos kənd icra nümayəndəsi, Kakalos kənd mədəniyyət evinin rəhbəri, rejissoru olub.

Mədəniyyətimizin inkişafına layiqli töhfələr vermiş, ömrünü incəsənətə, mədəniyyətə sərf etmiş Fərbiyə xanım hazırda öz təşəbbüsü ilə Kakalos kəndində yaradılmış Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının ictimai əsaslarla direktorudur.

Kakalos kənd mədəniyyət evinin nəzdində “Əvəsor” xalq kollektivinin, “Nəcib qızlar klubunun”, “Şəhriyar” adına xalq teatrının, Tarix-Diyarşünaslıq muzeyinin yaradılması Fərbiyə xanımın ideyaları nəticəsində ərsəyə gəlib. Mədəniyyət Nazirliyi tərəfindən bu layihələr dəyərləndirilib, Fərbiyə xanım Fəxri fərman və mükafatlara layiq görülüb.

“Fəxri Mədəniyyət işçisi” adına layiq görülən Fərbiyə Şabanova “Tərəqqi” medalı ilə də təltif olunub.