SON XƏBƏRLƏR

Bu gün, 17 oktyabr tarixində Azərbaycanın Milli Qəhrəmanı Soltanağa Bayramovun doğum günüdür.

Soltanağa Nəhmət oğlu Bayramov 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olub.

Bayramov orta təhsilini Astara rayonunda alıb. O, 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirib, sonra isə təyinatla Lənkəran hərbi hospitalında işləyib. Bayramov 1967-ci ildə fizioterapevt, sonra isə rentgenoloq-texnik vəzifələrində çalışıb. Soltanağa Bayramov hospitalda işlədiyi müddət ərzində “Səhiyyə əlaçısı” adını alıb.

O, Milli Ordunun çox sayda əsgərlərini müalicə edərək həyata qaytarıb [2]. 1990-cı illərdə “Talış Muğan Respublikası” yaratmaq istəyi ilə Əlikram Hümbətov öz quldur dəstəsi ilə Cənub bölgəsində ağır cinayətlər törədirdi. 23 avqust 1993-cü ildə quldurlar hərbi hospitala hücum edərkən Soltanağa Bayramov onlara müqavimət göstərib. Lakin ağır yaralanaraq xəstəxanada vəfat edib. O, Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Soltanağa Bayramov ölümündən sonra, 24 avqust 1993-cü ildə “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülüb. Lənkəran şəhərindəki küçələrdən biri Bayramovun adını daşıyır və şəhərdə onun büstü qoyulub. Soltanağa Bayramovun yaşadığı binanın önünə isə xatirə lövhəsi vurulub.