SON XƏBƏRLƏR

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Lənkəran, Astara və Masallı rayonlarına səfər edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 sentyabr tarixində verir.

Ruslan Əliyev Lənkəran rayonunun Digah kəndinin genişlənən hissəsində paylayıcı (küçə) xətlərin çəkilişi işləri ilə tanış olmaq üçün sözügedən kəndə səfər edib. O bildirib ki, ərazinin qazlaşdırılması üçün müxtəlif diametrli 7725 metr uzunluğunda polad borudan istifadə olunacaq və artıq 4280 metr uzunluğunda xəttin çəkilişi yekunlaşıb.

Daha sonra baş direktor Astara rayonunun Səlivə kəndində də görülən işlərlə yaxından maraqlanıb. Kəndin küçə qaz xətlərinin çəkilişi üçün lazım olacaq 15 909 metr xəttin 8549 metr hissəsində işlərin yekunlaşdığı vurğulanıb.

Masallı rayonunun Məmmədrzakücə kəndində Birlik əməkdaşları ilə görüşən direktor kənddə görülən işlər haqda məlumat alıb. Sonda o, Masallı rayonunun Ninəlov kəndində də mövcud vəziyyətlə tanış olub. Ona sözügedən ərazidə yaxın günlərdə işlərin yekunlaşacağı ilə bağlı məlumat verilib.

Qeyd edək ki, baş direktor səfər çərçivəsində həm Birlik əməkdaşları ilə, həm də kənd sakinləri ilə görüşüb. Bir qrup Birlik əməkdaşı SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə baş direktor tərəfindən Fəxri fərman və hədiyyə ilə mükafatlandırılıb.