Cəlilabadda vətəndaşların müraciətlərini dinləmək məqsədilə səyyar qəbul-görüş təşkil olunub. Bu haqda bu gün, 20 yanvar tarixində Cenublu.az “Azəriqaz” İB-yə istinadən xəbər verir.
Səslənən müraciətlərin əksəriyyəti bəzi kəndlərin qazlaşdırılması istəyinə aid olub. Buna misal olaraq, Kürdlər, Alaşar, Mirzəli və Cəngan kəndlərindən qatılan sakinlərin çıxışını göstərmək olar.
30-a yaxın vətəndaşın iştirak etdiyi görüşdə bəzi sakinlər Azərbaycan küçəsində yerləşən çoxmənzilli binanın qazlaşdırılması haqda da danışıblar. Şamil Əsədovun bu müraciəti qısa zaman ərzində baxılması üçün aidiyyəti üzrə yönləndirilib. “Açıq mikrofon” aksiyasında çıxış edən Nurəddin Abıyevlə Malik Əmirov qaz xəttinin yerinin dəyişdirilməsini istəyiblər.
Görüşdə səsləndirilən hər bir müraciət Lənkəran RQİİ-nin rəhbər şəxsləri tərəfindən qeydə alınıb. Bəzi problemlərin həll edilməsi istiqamətində müxtəlif göstərişlər verilib.