Azərbaycanın Cənub bölgəsində turizmin inkişafı üçün Antalya modelindən istifadə olunacaq. Bunu Antalyada səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyətinin üzvü, deputat Rəşad Mahmudov Report.az-a bildirib.
O qeyd edib ki, bununla bağlı ikitərəfli danışıqlara başlanılıb:
“İlk mərhələdə türkiyəli iş adamları Astara şəhərinə dəvət olunacaqlar. Hətta Antalyanın ən böyük bələdiyyələrindən olan Kəpəz bələdiyyəsi ilə qardaşlıq şəhər anlaşmasının imzalanması nəzərdə tutulur”.
R.Mahmudov vurğulayıb ki, ilk olaraq regiondakı bələdiyyələrin iş mexanizmi öyrəniləcək: “Antalya iş adamları Astaraya gələrək, ora investisiya qoyaraq turizmin inkişafına töhfə vermiş olacaqlar”.
AK partiyasından olan millət vəkili İbrahim Hətəmtaş isə deyib ki, iyul ayında Kəpəz bələdiyyəsinin nümayəndə heyəti Astaraya səfər planlaşdırır:
“Məqsəd Antalya modelinin Astarada tətbiqi və qardaşlaşmış şəhər anlaşmasının imzalanmasıdır”.
Qeyd edək ki, YAP-ın təşkilatçılığı ilə bir qrup deputat və jurnalist Antalyada səfərdə olub. Açıqlama həmin səfər zamanı verilib.