SON XƏBƏRLƏR

Astarada məktəb problemi ilə üzləşən ucqar kənd sakinlərinin problemi aradan qaldırılacaq. Bununla bağlı Astara RİH Cenublu.az-a məlumat verib.

Belə ki, ucqar kəndlərdən biri olan Şümrüd kəndində şagirdlər məktəbdəki şəraitsizlikdən əziyyət çəkirlər. 70 yaşlı təhsil ocağı uçmaq üzrədir. Sakinlər bildirirlər ki, məktəbin binası uçmaq üzrədir, bünovrəsində çatlar əmələ gəlib. Sinif otaqları şəraitsizdir. Sanitar qovşağı acınacaqlı vəziyyətdədir. Ən əsası isə isitmə sistemi də yoxdur.

Astara rayon İcra Hakimiyyətindən redaksiyamıza verilən məlumata əsasən, Şümrüd kənd tam orta məktəbinin binası yararsız olduğundan yeni məktəb binasının tikilməsi nəzərdə tutulub. Tikintinin gecikməsinin səbəbi geoloji faktorlarla bağlıdır. Belə ki, məktəbin hazırkı binasının yerləşdiyi ərazi sürüşməyə meyilli olduğundan Astara Rayon İcra Hakimiyyəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olan Geologiya İnstitutuna müraciət olunub. Geologiya İnistitutunun mütəxəssisləri gəlib əraziyə baxandan sonra tikinti aparılmasına rəy veriləcək.

Lənkəran – Astara Regional Təhsil İdarəsinin Astara Təhsil sektorunun RİH-yə verdiyi məlumata görə, mövsümlə əlaqədar texnikaların hərəkətinə yol infrastrukturu uyğun olmadığına görə məktəbin tikintisinə növbəti ilin yazında başlanılmasının nəzərədə tutulduğu bildirilib.