SON XƏBƏRLƏR

Avqustun 4-də Vətən müharibəsinin şəhid giziri İlkin Kazımovun xatirə günü keçirilib. Bu haqda məlumatı Astara Rayon Gənclər və İdman İdarəsi öz rəsmi facebook səhifəsində paylaşıb.

Tədbir Astara Rayon Gənclər və İdman İdarəsi və Artupa bələdiyyəsi ilə birgə keçirilib. İştirakçıları şəhidin məzarı önünə gül dəstələri düzərək ruhuna dualar oxuyublar.

Qeyd edək ki, İlkin Kazımov 4 avqust 1995-ci il tarixində Astara rayonunun Artupa kəndində doğulub, Milli Orduda gizir rütbəsində xidmət edib, Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

İlkin Xanəhməd oğlu Kazımov göstərdiyi qəhrəmanlığına görə Prezidentin sərəncamları ilə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

Həmçinin, tədbir iştirakçıları şəhid İlkin Kazımovun məzarını ziyarət etdikdən sonra Vətən müharibəsinin şəhidi, gizir, tank komandiri, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Nadir Ağadadaş oğlu Kazımovun və Vətən müharibəsinin şəhidi, əsgər, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş Səxavət Qüdrət oğlu Səttarovun məzarlarını da ziyarət ediblər.