Vətən müharibəsi şəhidi Kənan Hacıyevin 3-cü ildönümü münasibətilə anım tədbiri baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.
Belə ki, anım mərasimində şəhidin məzarına baş çəkilib. Həmçinin şəhid ailəsi tərəfindən ehsan süfrəsi açılıb. Burada mədəniyyət nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, Kənan Hacıyev 2001-ci il noyabrın 17-də Astara rayonunun Motlayataq kənd inzibati ərazi dairəsi olan Anbuba kəndində anadan olub.
O, Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və 6 oktyabr tarixində şəhidlik zirvəsində ucalıb. Nəşi uzun müddət tapılmayıb. Noyabrın 9-da Kənan Hacıyevin şəhid olma xəbəri təsdiqlənib. O, Astara rayonunun Anbuba kəndində torpağa tapşırılıb.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.