SON XƏBƏRLƏR

Zəfər Günü ilə əlaqədar Astara rayonunda bir sıra tədbirlər keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 noyabr tarixində verir.

Zəfər Günündə rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq mühafizə orqanlarının rəhbərləri Astara şəhərində Zəfər Parkını ziyarət ediblər. Sonra rayon rəhbərliyi, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların kollektivləri, qeyri-hökumət təşkilatları və ictimaiyyətin nümayəndələri Astara Olimpiya İdman Kompleksində təşkil olunmuş bayram şənliyinə qatılıblar.

Tədbir zamanı bildirilib ki, 8 Noyabr-Zəfər Günü Azərbaycan tarixinin qızıl səhifəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında şanlı Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq dastanıdır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərib, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları orden və medallarla təltif olunublar.

Bu Sərəncama əsasən, Astaramızın da qəhrəman oğulları: Rəhmanov Samiq Rizvan oğlu, İbrahimov İlqar Elçin oğlu, Quliyev Tərlan Mehman oğlu, Eyvazov Rəşad Babək oğlu, Zeynalov Sadiq Kamal oğlu, Hacıyev Kənan İmran oğlu, Feyziyev Əli Malik oğlu, Cahangirov Rauf Xəyyam oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, Qurbanzadə Cəmil Anar oğlu isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunublar.

Tədbirdə, həmçinin Zəfər Günü ilə əlaqədar hazırlanmış videoçarx, kompozisiya, rəqs və mahnılar, sərgilənən rəsm əsərləri maraqla qarşılanıb. Bayram şənliyi gün ərzində konsert proqramı ilə davam edərək axşam saatlarında atəşfəşanlıqla başa çatacaq.