SON XƏBƏRLƏR

Astara rayon MKS-nin Pensər kənd filial kitabxanasında xalq şairi Xəlil Rza Ulutürkün 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 oktyabr tarixində kitabxanaya istinadən verir.

Tədbirdə kitabxananın müdiri Nuridə Babayeva bildirib ki, xalq şairi Xəlil Rza Ulutürk ənənəvi mövzulardan yazanda belə azadlıq atəşi, coşqun azadlıq ehtirası onun poeziyasının aparıcı motivini təşkil edib. Azərbaycan xalqının haqq səsi onun vətəndaşlıq poeziyasında daim duyulub. Şair lirikanı siyasi mübarizənin ideya silahına çevirərək, xalqın milli duyğularını, milli bütövlüyünü tərənnüm edib.

Kitabxana işçisi Turac Ağayeva şairin həyat və yaradıcılığı haqqında geniş məruzə edib. O bildirib ki, tükənməz bir ehtirasla yazıb-yaradaraq daim müstəmləkəçilik əleyhinə mübarizə aparan Xəlil Rza meydan hərəkatının etiraz və coşqunluğunu, milli şüurun püskürməsini poeziyaya gətirərək, lirikanın vətəndaşlıq və siyasi məzmununu qeyri-adi ölçüdə zənginləşdirib.

Sonda şagirdlər şairin “Mən yenə dönəcəm Azərbaycana”, “Azadlığım”, “Bayram çiçəkləri” və digər şeirlərini səsləndiriblər.