Astarada “VI Azərbaycan-Alman-Türk Tibb Konqresi” və “VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri” keçirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində verir.
Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Astara rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan Beynəlxalq səviyyəli “VI Azərbaycan-Alman-Türk Tibb Konqresi” və “VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri” öz işinə başlayıb.
Tədbirdə “VI Azərbaycan-Alman-Türk Tibb Konqresi” və “VIII Bakı Beynəlxalq Tibbi Treyninq Günləri”nin təşkilat komitəsinin sədri, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının idarə heyətinin sədri, millət vəkili, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Özbəkistan Respublikasının səhiyyə nazirinin müavini Abrorcon Alicanov, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov, Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru Nazim Qasımov, Konqresin ideya müəllifi, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri Qurbanxan Müslümov, millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Almaniya, Türkiyə, Özbəkistan, Slovakiya, Bosniya və Hersoqovina, Filippin, Sinqapur və bir sıra dünya ölkələrindən olmaqla 60 nəfərdən çox xarici məruzəçi, moderator, eyni zamanda Avropa və Asiya Endoskopik və Laparoskopik cərrahlar cəmiyyətlərinin rəsmiləri, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində çalışan tibb heyəti və digər qonaqlar iştirak ediblər.
Qeyd edək ki, 22 aprel 2023-cü il tarixində öz işinə başlayan konqres işini 23 aprel 2023-cü il tarixində Cənub regionu, Astara, Lerik və Masallı Rayon Mərkəzi Xəstəxanalarında treyninq və ustad dərsləri ilə davam etdirəcək. Treyninq və ustad dərsləri çərçivəsində 12 ixtisas üzrə təlimlər keçiriləcək və regionda ilk dəfə icra olunacaq endoskopik əməliyyat plenar iclas zalına birbaşa translyasiya olunacaq və interaktiv müzakirə ediləcək. Tədbir 24-25 aprel tarixlərində Bakı şəhərində davam edəcək.