Astara sakinləri üçün göz xəstəlikləri ilə bağlı aksiya təşkil olunub. Bu haqda bu gün, 15 may tarixində Cenublu.az Azərbaycan Oftalmoloqlar Cəmiyyətinə istinadən xəbər verir.
Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilib. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryol Səyyar Klinikası tərəfindən 183 Astara sakini müayinə olunub. Tibbi aksiyanın keçirilməsində əsas məqsəd pasiyentlərin sağlamlıqları ilə bağlı olan problemlərin aşkar edilməsi və həll olunmasına kömək göstərməkdir. Aksiyadakı müayinələr əsasında göz xəstəlikləri ilə bağlı ümumi monitorinqlər aparılır və əldə edilən nəticələr müzakirə edilir.
Müayinələr Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının həkimləri – dr. İbadov Samir, dr. Əzizi Hikmət və dr. Güllərov Orxan tərəfindən həyata keçirilib.
Aksiyada Səyyar Klinikanın baş həkimi, dr. Həsənov Elçin və digər işçi heyəti iştirak edib.