SON XƏBƏRLƏR

Astara rayonunun Çayoba kəndində Vətən müharibəsi iştirakçısı, sahibkar Ümüdvar Məmmədovun təşəbbüsü və şəxsi vəsaiti hesabına açıq və qapalı minifutbol və voleybol meydançalarının açılışı baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində Astara rayon İcra Hakimiyyətinə istinadən verir.

Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA)  Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxış edən icra başçısı bu təşəbbüsə görə Ümüdvar Məmmədova təşəkkür edib, gənc nəslin sağlam böyüməsi üçün idmanın əhəmiyyətini bir daha vurğulayıb.

Qeyd edək ki, Məmmədov Ümüdvar Vaqif oğlu Vətən Müharibəsi başlanan ilk gündən sahibkarlıq fəaliyyətini dayandıraraq ehtiyatda olan zabit kimi döyüşlərə qatılıb. O, Xocavənd, Füzuli, Qubadlı və Zəngilan rayonlarının azad edilməsində qəhrəmanlıqla döyüşüb və Zəfər gününü cəhbədə qeyd edib. O, İlham Əliyevin Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Xüsusi şücaətə görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.