Astarada polis əməkdaşlarına silahlı müqavimət göstərən narkotacir zərərsizləşdirilib və əməliyyat zamanı onun ölüm faktı qeydə alınıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 mart tarixində verir.
Belə ki, Seymur və Tural Musayev qardaşları külli miqdarda narkotik vasitəni əldə edib Bakı şəhərinə daşıyarkən cinayət başında ifşa olunublar. Polis əməkdaşlarına silahlı müqavimət göstərən Seymur Musayev əməliyyat zamanı zərərsizləşdirilib.
Qardaşlardan 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, ayrı-ayrı bağlamalarda çəkiləri 16,7 kq narkotik vasitə qurudulmuş marixuana, 16,6 kq narkotik vasitə heroin, 8,3 kq psixotrop maddə metamfetamin və 2320 ədəd tərkibində narkotik maddə olan metadon həbi, elektron tərəzi və digər sübutlar aşkar edilərək götürülüb.
Rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Tural Musayev Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitəni əldə etmə və daşıma), 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin tam, hərtərəfli və obyektiv istintaq olunması üçün zəruri tədbirlər davam etdirilir.



