SON XƏBƏRLƏR

Astarada “Narkomaniyaya yox deyək” və “Erkən nikahlar və onların fəsadları” mövzularında maarifləndirici seminar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 oktyabr tarixində Astara rayon Gənclər və İdman İdarəsinə istinadən verir.

Tədbir Şiyəkaran kənd 1 saylı tam orta məktəbdə baş tutub. Tədbiri giriş sözü ilə açan Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizənin təşkili məqsədilə belə tədbirlərin həyata keçirilməsinin mühüm olduğunu qeyd edib və əlaqədar təşkilatlara minnətdarlığını bildirib. Azər Cəfərov qeyd edib ki, hər kəs gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadını doğrultmasına, Vətənə layiq övlad kimi yetişməsinə çalışmalıdır. Lakin narkomaniyaya meyl edən gənclərə hələ də rast gəlinməsi təəssüf hissi ilə xatırlanıb. Qeyd olunub ki, məhz bu səbəbdən təhsil müəssisələrində, ayrı-ayrı kollektivlərdə izahat və maarifləndirmə işləri müntəzəm aparılmalı, hər bir şagird təhsilə və idmana diqqətlə yanaşmalı, vətənpərvər olmalıdır.

Daha sonra çıxış edən Astara Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva, Astara rayonu üzrə Təhsil sektorunun müdiri Ülviyyə Əliyeva, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən Rufan Şirinov sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirərək, narkomaniyanın yaratdığı problemləri sadalayıblar, gəncləri dəyərli tövsiyələrə əməl etməyə, narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməklə onlara kömək etməyə çağırıblar.

Sonra narkotik təsirlərin səbəb olduğu fəsadlar və dağıdıcı təsirləri barədə videoçarx izlənilib.

Yekunda mövzular ətrafında məktəbli gənclərin və gənc müəllimlərin sualları Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cəfərov və Astara Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Bəsti Əliyeva tərəfindən cavablandırılıb.