Astarada həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub. Bu haqda məluamtı Cenublu.az bu gün, 21 mart tarixində verir.
Astara rayonunun Artupa kənd sakini, 30 yaşlı Alqış Quliyevin müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı məlum olub ki, Alqış Quliyevin həmkəndlisi, 37 yaşlı Şamxal Şahverdiyev qarət məqsədilə onun yaşadığı evə daxil olub. Şamxal Şahverdiyev Alqış Quliyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək onu öldürməyə cəhd edib. O cümlədən qarətçi əlində olan bıçaqla evin xanımına yüngül xəsarət yetirərək boynundakı boyunbağını qırıb və hadisə yerindən uzaqlaşıb.
Alqış Quliyevin vəziyyəti ağır olduğundan o, Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirirlər.
Fakta görə Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Şamxal Şahverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
İbtidai istintaq davam edir.