Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şuvi kəndində səyyar qəbul-görüş keçirib. Bu haqda bu gün, 19 may tarixində Cenublu.az Astara RİH-yə istinadən xəbər verir.
Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak ediblər. İnzibati ərazi dairəsi üzrə nümayəndə Əbülfət Qüdrətov ötən müddət ərzində ərazidə görülən işlər barədə geniş məlumat verərək səyyar qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyətinin həllini tapdığını bildirib. Şuvi, Deqadi, Siyətük məktəbləri üçün yeni binaların tikildiyini, elektrik xətt təsərrüfatında təmir işləri aparılaraq yeni transformatorların quraşdırıldığını, Şuvi kənd tam orta məktəbinə direktor, məscidə imam, kənd həkim məntəqəsinə pediatr təyin edildiyini, yollarda təmir işlərinin aparıldığını diqqətə çatdırıb.
Sakinlər, həmçinin Şuvi kənd uşaq bağçası üçün yeni binanın tikintisinə, Şuvi-Deqadi kanalüstü yolun və məscid yolunun təmirinə, qəzalı vəziyyətdə olan elektrik dirəklərinin dəyişdirilməsinə, Vətən müharibəsi iştirakçısının evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş ediblər. İcra başçısı səmimi və işgüzar görüşə görə kənd sakinlərinə minnətdarlıq edib, qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verib.