Astarada zorakılığın qarşısını almaq məqsədilə silsilə təlimlər keçirilib. Bu haqda bu gün, 7 dekabr tarixində Cenublu.az Astara RİH-yə istinadən xəbər verir.
“Rayonda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq qrupu”nun təşəbbüsü ilə “Gender əsaslı zorakılıqla mübarizə” kampaniyası çərçivəsində Astara rayon Heydər Əliyev Mərkəzində əhalinin müxtəlif təbəqələrdən olan üzvləri ilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə RİHB-nin müavini və “Rayonda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq qrupu”nun sədri Firəngiz Sadıxova, RİHB aparatının aparıcı məsləhətçi, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya”nın məsləhətçi-psixoloqu Günel Lətifzadə, RİHB aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Vüsalə Quliyeva və Fəhmin Qurbanov, Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova iştirak edib, mövzu ilə bağlı çıxış ediblər. Tədbirdə iştirak edən rayon sakinlərinə məişət zorakılığı, onun növləri, gender zorakılığı, onun yaranma səbəbləri və fəsadları barədə məlumatlar verilib, mövzu ilə bağlı dinləyicilərə hazırlanmış videoçarx təqdim edilib, o cümlədən tədbir iştirakçılarının fikir və təklifləri dinlənilib.
Bildirilir ki, keçirilmiş sorğuların nəticələri “Rayonda gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə etibarlı monitorinq qrupu” tərəfindən təhlil ediləcək və nəticələrə əsasən, mövzu ilə bağlı maarifləndirici tədbirlər keçiriləcəkdir.