Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Şüvi kənd tam orta məktəbində “Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!” mövzusunda maarifləndirici görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində verir.
Çıxış edən Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cəfərov, rayon prokuroru, baş ədliyyə müşaviri Əli Əliyev, RİH başçısının müavini Fİrəngiz Sadıxova və digərləri bildiriblər ki, ölkəmizdə ilk dəfə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər ümummilli lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanında öz əksini tapıb.
Bununla da insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması, narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu gün də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı hüquq-mühafizə orqanları, o cümlədən polis əməkdaşları tərəfindən qətiyyətli və barışmaz mübarizə tədbirləri həyata keçirilir.
