SON XƏBƏRLƏR

Bu il Astarada balsüzmə prosesi bir az gecikib. Səbəb havaların qeyri-sabit keçməsi və arıların nektar toplamağa gec çıxmasıdır. Amma yağış təbiətə yaxşı təsir etdiyindən, bal bu il bol olub.

Astarada arıçılıq təsərrüfatının inkişafı və arıçıların qarşılaşdığı problemlərlə bağlı AzTV reportaj hazırlayıb.

Astara ölkənin ən böyük arıçılıq rayonudur. 5-6 il əvvəl burada 15 minə yaxın arı ailəsi olub, hal-hazırda bu rəqəm 28 mindir. Peşəkar arıçı isə 1000-dən çoxdur. May ayında mövsümün ilk bal süzümü olur.

Arıçılığın əsasən inkişaf etdiyi kənd – Astaranın Miki kəndidir. Burada olan 250 təsərrüfatın hamısı arıçılığa aiddir. 5 ildir arı ailələrinə görə ödənilən subsidiya arıçılara kömək olur. Tək problemləri isə balın satışı ilə bağlıdır.

“İldə bir dəfə dövlət tərəfindən sərgi təşkil olunur. Ora sadəcə 100 arıçı düşə bilir. 600-ü isə qalır. Dövlətdən bu cür sərgiləri ildə bir neçə dəfə təşkil etməsini istəyirik. O zaman arıçıların hamısı sərgidə iştirak edə və məhsullarını sata bilərlər”, – deyə arıçılar söyləyiblər.

Qeyd edək ki, növbəti bal süzümü sentyabr ayında olacaq. Ümumiyyətlə, bu il Astarada 600 tona yaxın bal tədarükü gözlənilir.