“Azəriqaz” İB-in “Açıq mikrofon” aksiyası Astaranın Deqədi kəndində baş tutub. Bu haqda məlumatı qurumun rəsmi Facebook səhifəsi bu gün, 15 noyabr tarixində verib.
Belə ki, “Səyyar qəbul otağı”nda keçirilən görüşdə “Azəriqaz” İB-nin məsul şəxsləri və Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edən kənd sakinləri təbii qazın olmaması səbəbindən məişətdə yanacaq kimi daha çox odundan istifadə etdiklərini, bunun da onlara əlavə xərc olduğunu bildiriblər.
Vətəndaşlar ünvanladıqları müraciətlərin Birliyin baş direktoru Ruslan Əliyevə çatdırılmasını və kəndin qazlaşdırılması ilə bağlı tapşırıq verməsini xahiş ediblər. Aksiyadan təkcə bu kəndin sakinləri deyil, ətraf kəndlərdə yaşayan vətəndaşlar da yararlanıblar.
Ünvanlanan problem və təkliflərin baş direktora çatdırılması üçün bütün müraciətlər qeydə alınıb.